MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA

06/11/18

Noyabrın 6-da  Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Mədəniyyət, Elm və təhsil, Ailə, qadın və uşaq  məsələləri komitələrinin birgə iclası  keçirildi.
İclası Əmək  və sosial  siyasət komitəsinin  sədri  Hadi  Rəcəbli açaraq bildirdi ki, bugünkü  iclasda   2019-cu ilin dövlət büdcəsi layihəsi  müzakirə  ediləcək.  Qeyd  olundu ki,  ölkəmizdə ulu öndər Heydər  Əliyev dühasının  yaratdığı  sosial  sabitlik  bazasında  sosial  rifah  dövlətinin yaradılması  istiqamətində böyük işlər  görülmüşdür.  Beynəlxalq  münasibətlər, ordu  quruculuğu, iqtisadi islahatlar,  demokratik cəmiyyət  quruculuğunun baş məqsədi  ölkəmizdə  vətəndaşların  güzəranının yaxşılaşmasına, ehtiyacı olanların sosial  müdafiəsinin gücləndirilməsinə  yönəlmişdir.  Son illər  dünyada gedən iqtisadi  kataklizmlər, böhran prosesləri  və  gərgin situasiyalar ölkə başçısı möhtərəm İlham Əliyevin uzaqgörən, ardıcıl  və sistemli  siyasəti  nəticəsində  Azərbaycanda  kəskin fəsadlarla  müşahidə olunmamışdır.
Komitə  sədri  vurğuladı ki,  ötən müddətdə büdcəmizdə  sosial  məsələlərə  ayrılan  vəsaitin həcmi artmış və əhatə miqyası  genişlənmişdir.  Gələn  ilin büdcəsi  tamamilə  sosial  və investisiya  yönümlüdür. 2019-cu il  dövlət büdcəsinin əsas məqsədi əhalinin güzəranının daha da yaxşılaşdırılmasıdır.
Hadi Rəcəbli sonra büdcədə nəzərdə  tutulan  yeniliklərdən danışdı. O qeyd etdi ki, sosial müdafiə sistemində yeni institut formalaşıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ardıcıl islahatlar aparıb və bu islahatların ən ciddisi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) yaranmasıdır. Bu da ölkəmizdə “ASAN” brendinin davamıdır. Komitə sədri bildirdi ki, gələn il sosial məqsədlərə 8 milyard 265,8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu da büdcənin 33,4 faizini təşkil edir.
İclasda  iştirak edən maliyyə nazirinin birinci müavini İlqar Fətizadə çıxışında  bildirdi ki, 2019-cu ilin dövlət büdcəsinin layihəsi “Büdcə sistemi haqqında” qanuna, Azərbaycan Respublikasının milli iqtisadiyyatının başlıca sektorlar üzrə strateji yol xəritəsinə, habelə dünya və Azərbaycan iqtisadiyyatında gözlənilən meyllərin təhlilinə uyğun hazırlanıb. Büdcənin sabitliyi və orta müddətli dayanıqlılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Qeyd olundu ki, gələn il üçün bir barrel xam neftin satış qiyməti 60 ABŞ dolları səviyyəsində qəbul edilib.
Nazir  müavini  bildirdi ki, 2019-cu il üçün dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 28 faizi həcmində olmaqla, 22 milyard 918 milyon manat təşkil edəcək. Bu da cari illə müqayisədə 769 milyon manat və ya 3,5 faiz çoxdur. Gəlirlərin 9 milyard 217 milyon manatı (40,2 faiz) qeyri-neft sektoru üzrə daxilolmaların, 13 milyard 700 milyon manatı (59,8 faiz) neft gəlirlərinin payına düşəcək. 2019-cu ildə Vergilər Nazirliyin xətti ilə proqnozlaşdırılan daxilolmalar 7 milyard 316 milyon manat, Dövlət Gömrük Komitəsi xətti ilə proqnozlaşdırılan daxilolmalar isə 3 milyard 452 milyon manat səviyyəsində qiymətləndirilir. Dövlət Neft Fondundan transfert isə 11 milyard 364 milyon manat müəyyən edilib. Büdcə təşkilatlarının ödənişli xidmətləri hesabına 627 milyon manat, digər daxilolmalar üzrə 159 milyon manat vəsaitin daxil olacağı nəzərdə tutulur.
Qeyd  olundu ki, əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də xərclərin sosialyönümlü olması diqqətdə saxlanılıb. 2019-cu il dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 30 faizi həcmində olmaqla mütləq ifadədə 24 milyard 780 milyon manat təşkil edəcək. Dövlət büdcəsi xərclərinin 12 milyard 554 milyon manatı və ya 50,7 faizi cari xərclərə, 9 milyard 891 milyon manatı və ya 39, 9 faizi əsaslı xərclərə, 2 milyard 335 milyon manatı və ya 9,4 faizi dövlət büdcəsinə xidmətlə bağlı xərclərə yönəldiləcək.
Bildirildi ki, növbəti ildə sosial tədbirlərə aid olan elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər siyasəti ilə bağlı xərclərə 6 milyard 369 milyon manat vəsait sərf ediləcək. Sosial tədbirlərin xərclərinin dövlət büdcəsi xərcləri tərkibində xüsusi çəkisi cari illə müqayisədə 1,5 faiz artaraq 25,7 faizə çatacaq. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqqlarının artırılması, sosial müavinətlər, təqaüdlər və digər sosial yönümə aid edilən xərclər üzrə yaranmış əlavə maliyyə öhdəliklərinin təmin edilməsi üçün dövlət büdcəsindən 620 milyon manat, pensiya təminatı sahəsində əlavə sosial müdafiə tədbirləri üçün 110 milyon manat, 1425 məktəbəqədər təhsil müəssisəsində bir günlük ərzaq xərclərinin orta hesabla üç dəfə artırılması məqsədi ilə 83 milyon manat məbləğində vəsait ayrılıb. Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fonduna 4 milyon manat vəsait proqnozlaşdırılıb. 2019-cu ilin təhsil xərclərinə 2 milyard 275 milyon manat,  səhiyyə xərcləri üçün 1 milyard 48 milyon manat vəsait nəzərdə tutulub. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı maliyyə təminatının yaradılması üçün 240 milyon manat vəsaitin ayrılması planlaşdırılır.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxışında  növbəti ilin büdcə layihəsində sosial sahəyə xüsusi diqqət ayrıldığına  diqqət çəkdi. Qeyd  olundu ki, sosial sahənin inkişafı Prezident İlham Əliyevin daim diqqətində olan məsələdir. Təhsil, səhiyyə, elm sahəsinin inkişafı, əmək məşğulluğu, sosial təminat məsələlərində xidmətlərin elektronlaşması ilə bağlı dövlət başçısı tərəfindən tapşırıq verilib və zəruri olan maliyyə ayrılıb. O, qeyd etdi ki, büdcədən bu sahəyə ayrılan vəsait 2018-ci illə müqayisədə 14 faiz çoxdur. Palata sədri 2019-cu ilin büdcəsində təhsil xərclərinə 2,3 milyard manat, sosial müdafiə, sosial təminat sahəsinə 2,6 milyard manat vəsait nəzərdə tutulduğunu dedi.
 Palata sədri bildirdi ki, ünvanlı sosial yardımların təyin edilməsi və ödənilməsi ilə bağlı aparılan nəzarət tədbirləri nəticəsində ailənin məişət şəraitinin müayinəsinin tam həyata keçirilmədiyi, yalnız müraciət edən şəxslərin məlumatları əsasında avtomatlaşdırılmış sistem tərəfindən təyinat aparıldığı, ailənin istifadəsində olan əmlak və ailənin gəlirləri, tərkibində dəyişikliklər haqqında düzgün olmayan məlumatların qəbul edilməsi halları kimi nöqsanlar aşkarlanıb. Bu tədbirlərin nəticəsi ilə bağlı müvafiq nazirliyə məlumatlar göndərilib. Görülən tədbirlər nəticəsində cari ilin 9 ayında ünvanlı sosial yardım təyin edilən ailələrin sayı əvvəlki illə müqayisədə 37 faiz azalıb.  Növbəti il üçün ünvanlı yardımın verilməsinə görə, ehtiyac meyarı 10 faiz artırılaraq 143 manat məbləğində proqnozlaşdırılır. O, həmçinin bildirdi ki, dövlət büdcə xərclərindən nəzərdə tutulan Dövlət proqramları və tədbirlərin əksər hissəsi sosial sahəyə yönəldilib.
Milli Məclisin komitə sədrləri Aqiyə Naxçıvanlı, Əhliman Əmiraslanov, İsa Həbibbəyli, Rəfael Hüseynov  çıxışlarında  bildirdilər ki, növbəti ilin dövlət büdcəsində xərclərin optimallaşdırılaraq səmərəliliyinin daha da artırılması, əhalinin sosial təminatının gücləndirilməsi, ölkənin müdafiə və təhlükəsizliyinin təmin edilməsi, mühüm investisiya layihələrinin həyata keçirilməsinin davam etdirilməsi, xarici öhdəliklərin tam və vaxtında yerinə yetirilməsi əsas hədəflər kimi qəbul edilib, buna müvafiq maliyyə təminatının yaradılması nəzərdə tutulub.  2019-cu il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara həssaslıqla  yanaşılıb.
Sonra millət vəkilləri Elmira Axundova, Bəxtiyar Əliyev, Jalə Əliyeva, Hüseynbala Mirələmov, Qənirə Paşayeva, Məlahət İbrahimqızı, Şəmsəddin Hacıyev, Asim Mollazadə 2019-cu ilin büdcə layihəsinin proqnozları ilə bağlı fikirlərini bildirdilər. Qeyd olundu ki, gələn il ölkədə mühüm əhəmiyyət kəsb edən proqram və layihələrin icrası davam etdiriləcək, büdcə xərcləri sosial və investisiya yönümlülüyünü saxlayacaqdır.
Maliyyə  naziri Samir Şərifov komitə  sədrlərini və millət  vəkillərini maraqlandıran bəzi məsələlərə  aydınlıq  gətirdi.
İclasda Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Ailə, Qadın  və Uşaq  məsələləri  üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Əqli Mülkiyyət  Agentliyinin sədri  Kamran İmanov  rəhbərlik etdikləri qurumların əsas büdcə  parametrlərində 2019-cu il  üçün nəzərdə  tutulan dəyişiklikləri açıqladılar.
Müzakirələrdən sonra qanun layihəsi  parlamentin plenar iclasına tövsiyə olundu.


Milli Məclisin
Mətbuat  xidməti
       

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi