MİLLİ MƏCLİSİN İCLASINDA

12/10/18

Oktyabrın 12-də Milli Məclisin növbəti plenar iclası  keçirildi. İclası  Milli Məclis  Sədrinin birinci  müavini Ziyafət  Əsgərov  aparırdı.
Gündəliyin təsdiqindən sonra  millət  vəkilləri Sevinc  Hüseynova, Tahir  Kərimli, Fərəc Quliyev,  Gövhər  Baxşəliyeva,  Elman Nəsirov, Siyavuş Novruzov, Zahid Oruc, Elman Məmmədov, Əli Hüseynli ölkə  gündəmində olan vacib məsələlərdən söz  açdılar.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıldı. Əvvəlcə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə sənədi ikinci oxunuşda təqdim etdi. Bildirildi ki, normativ  hüquqi  aktların  hazırlanmasında  səmərəliliyin artırılması  və çevikliyin təmin edilməsi məqsədi ilə qanunun 29 maddəsində dəyişiklik edilib. Sənəd səsə  qoyularaq  ikinci  oxunuşda qəbul edildi.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə  “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”,  “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Rəsmi statistika haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə sənədlərlə əlaqədar  məlumat  verərkən bildirdi ki,  bu qanun  layihələrinin hər  üçü “Sahibkarlıq  fəaliyyəti haqqında” qanunda  dəyişiklik  edilməsi  barədə  2017-ci il 29 dekabr  tarixli qanunun tətbiqi ilə əlaqədar  hazırlanıb.  Komitə  sədri  müvafiq  dəyişiklikləri  diqqətə çatdırdıqdan sonra  sənədlər  ayrı-ayrılıqda   səsə  qoyularaq  təsdiq  edildi.
Əli Hüseynli Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini şərh etdi. Qeyd olundu ki, “Cinayət  Məcəlləsində  dəyişikliklər  edilməsi barədə 7 mart 2012-ci il tarixli  qanunla  Məcəlləyə  “xüsusi müsadirə”  adlanan 15-1-ci və “hüquqi şəxslər  barəsində tətbiq olunan  cinayət-hüquqi  tədbirlər adlanan 15-2-ci  fəsillər əlavə  edilmiş və eyni zamanda  cəza  növlərinin  siyahısından əmlak müsadirəsi cəzası çıxarılmışdır.  Cəzaların İcrası Məcəlləsində  dəyişikliklər  edilməsi  barədə  qanun layihəsi  adıçəkilən qanuna  uyğun olaraq, xüsusi  müsadirə və hüquqi  şəxslər  barəsində  tətbiq olunan  cinayət-hüquqi  tədbirlərin icrası mexanizmini  müəyyən edir. Bu  sənəd  də  səsə  qoyularaq  təsdiqləndi.
Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini şərh edən Əli Hüseynli bildirdi ki, sənəd  dənizdə  yerləşən stasionar platformaların təhlükəsizliyinə, aviasiya  təhlükəsizliyinə  təhdid  yaradan  əməllərə, habelə  radioaktiv  materialları  talamaqla, bu  materiallardan  istifadə edərək ölüm hallarına  və sağlamlığa  ağır  zərər vurmağa, əmlaka  zərər vurmaqla  hədələməyə görə  cinayət  məsuliyyətini müəyyən etmək məqsədi ilə hazırlanıb.  Qanun  layihəsi  səsvermə  yolu ilə qəbul edildi.
Əli Hüseynli  “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədi  təqdim edərkən bildirdi ki, qanun layihəsi bu sahədə monitorinq, qiymətləndirmə, nəzarət mexanizmlərini təkmilləşdirmək və məsuliyyət tədbirlərini gücləndirmək məqsədi ilə  hazırlanıb. Sənəd  qəbul edildi.
İclasda Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov “Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə BP EKSPLOREYŞN (AZƏRBAYCAN) LİMİTED şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi məlumat verdi. Sənədi ətraflı şərh edən  Valeh Ələsgərov  bildirdi ki, Saziş Azərbaycan Dövlət Neft  Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited  şirkəti arasında   bu il  aprelin 26-da  imzalanıb. Qeyd  olundu ki, bu qanun qüvvəyə mindikdən sonra podratçı tərəflərin Saziş, hökumət təminatı və əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər podratçı tərəflərin qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz. Blok Xəzər dənizində, Bakının şimal-şərq istiqamətindən 135 kilometr məsafədə yerləşir. Kontrakt  sahəsi 3167 kvadrat kilometr ərazini əhatə edir. Blokun məhsuldar laylarının gözlənilən dərinliyi, təxminən, 3500 metrdir. 25 illik müddəti əhatə edən müqaviləyə əsasən, BP 50 faiz iştirak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq. Bundan əvvəl, 2016-cı ilin may ayında D230 blokunda geoloji kəşfiyyat işlərinin aparılması haqqında SOCAR-la qarşılıqlı anlaşma memorandumu imzalanıb.  Sənəd səsə  qoyularaq  təsdiq  edildi.
İclasda “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında bitki karantini və mühafizə sahəsində əməkdaşlıq haqqında”  Sazişlərin təsdiq edilməsi barədə,  Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyaya dəyişikliklərə dair protokolların təsdiq edilməsi barədə qanun layihələri də müzakirə olundu. Bu  sənədlər  barədə ətraflı məlumatlar  dinlənildi  və hər bir  qanun  layihəsi  ayrı-ayrılıqda  səsə  qoyularaq  təsdiqləndi.
Sonra Ziyafət Əsgərov “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədi təqdim etdi. Qanunda edilən dəyişikliklərin mahiyyəti barədə danışan Ziyafət Əsgərov bildirdi ki, Konstitusiyanın 9-cu maddəsində  qeyd  edilir ki,  Azərbaycan öz  təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə silahlı qüvvələr yaradır. Bu  həm Azərbaycan Ordusundan, həm də başqa  silahlı birləşmələrdən ibarətdir. Dəyişikliklərdə birinci məqam ondan ibarətdir ki, bütün qanunvericilik aktlarından  “başqa  silahlı birləşmələr”  sözləri çıxarılır. Digər  bir məqam isə Azərbaycan Ordusuna və başqa  silahlı  birləşmələrə aid olmayan, lakin tərkibində  hərbi   qulluqçuların  xidmət  keçdiyi  müəyyən qurumlarda  çalışan hərbi qulluqçuların öz  statusunu itirməməsi  və  maddi  təminatlarının pisləşməməsi  baxımından  hərbi  qulluqçu  hesab  olunmaları  təklif  olunur. Layihədəki  başqa bir  dəyişiklikdə isə cari ilin 1 sentyabr tarixindən tətbiqinə başlanılmış yeni nəsil şəxsiyyət vəsiqələrinin 15 yaşdan verilməsi nəzərə alınaraq, baş verə biləcək uyğunsuzluqların qarşısının alınması məqsədi ilə qanunun müvafiq maddəsində vətəndaşların ilkin hərbi qeydiyyatının 15 yaşdan aparılması da təklif olunur. Ali təhsil müəssisələrində hərbi kafedraların artıq mövcud olmadığı nəzərə alınaraq, qanunun ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı ilə bağlı 11-ci maddəsi ləğv edilir. Bu  sənəd  də  müzakirələrdən  sonra  qəbul  edildi.
Sonra Əli Hüseynli gündəlikdəki  növbəti bir  neçə məsələ  barədə birlikdə təqdimat verdi. Əvvəlcə Cəzaların İcrası Məcəlləsində edilən dəyişiklikləri  diqqətə  çatdırdı. Bildirildi ki,  dəyişikliklər “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə  ilə əlaqədar  olmayan alternativ  cəza  və  prosessual  məcburiyyət  tədbirlərinin tətbiqinin gücləndirilməsi barədə ölkə Prezidentinin  10 fevral 2017-ci il tarixli Sərəncamının  icrası ilə əlaqədar  təklif edilir.  Mövcud  dəyişikliklər “Cinayət-Prosessual Məcəllədə  dəyişikliklər  edilməsi barədə” 2017-ci il 1 dekabr tarixli qanuna  uyğunlaşdırma  məqsədi ilə hazırlanıb.  Ömürlük azadlıqdan məhrumetmə  növündə cəzanın yüngül  cəza ilə əvəz etmə və ya şərti olaraq  vaxtından əvvəl  azad  etmə barədə  müraciət rədd  edildikdə  təkrar  ərizəyə bir il sonra  baxıla bilər.
O,  “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”,  Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə,   “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanunlarda edilən  dəyişikliklərin də mahiyyət  etibarı ilə eyni xarakter  daşıdığını, penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza  siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə  ilə əlaqədar  olmayan alternativ  cəza  və  prosessual  məcburiyyət  tədbirlərinin tətbiqinin gücləndirilməsi barədə ölkə Prezidentinin  müvafiq Sərəncamının  icrası ilə əlaqədar  təklif edildiyini  bildirdi. Sənədlər  ayrı-ayrılıqda  səsə  qoyularaq  qəbul edildi.
Fasilədən sonra  Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov “Torpaq bazarı haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə sənədi  təqdim etdi. Qeyd  olundu ki, sənəd “Topraq  icarəsi haqqında”  qanunda  dəyişikliklər  edilməsi barədə  2018-ci il 31  may tarixli qanuna uyğunlaşdırma  məqsədi ilə hazırlanıb.  Dövlət  mülkiyyətində olan kənd  təsərrüfatı  təyinatlı torpaq  sahələrinin icarəyə  verilməsinin  yeni qayda  və şərtlərini  müəyyən edir.  Sənəd  səsə qoyularaq  qəbul edildi.
İclasda “Dövlət rüsumu haqqında”  qanuna  edilən  dəyişikliklər   barədə  İqtisadi  siyasət, sənaye  və sahibkarlıq komitəsinin sədr  müavini Ağalar Vəliyev məlumat verdi. O, bildirdi ki, birinci  oxunuş  üçün təqdim edilən  sənəddə  edilən  dəyişikliklər  Qida  Təhlükəsizliyi Agentliyi  işçilərinin sosial müdafiəsini gücləndirmək, maddi təminatını  yaxşılaşdırmaq məqsədi ilə hazırlanmışdır. Qanun layihəsində  edilən  dəyişikliklər  millət  vəkilləri  tərəfindən razılıqla  qarşılandı. 
Sonra “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Yeyinti məhsulları haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə  sənədlərə baxıldı. Birinci  oxunuşa təqdim edilən bu  sənədlərdə  edilən  dəyişikliklər də Qida  Təhlükəsizliyi Agentliyi  işçilərinin sosial müdafiəsini gücləndirmək, maddi təminatını  yaxşılaşdırmaq məqsədi ilə hazırlanmışdır. Bildirildi ki,  bu  qanunların  tələblərinin pozulmasına  görə  İnzibati Xətalar Məcəlləsinə əsasən  Qida Təhlükəsizliyi Agentliyi  tərəfindən  tətbiq  edilən cərimələrdən toplanan  vəsaitin  50  faizinin Agentliyin  hesabına  köçürülməsi nəzərdə  tutulur. Sənədlər  ayrı-ayrılıqda  səsə  qoyularaq  ilk oxunuşda  qəbul edildi.
Sonra Əli Hüseynli “Diplomatik xidmətə verilən töhfəyə görə” medalının və “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)”  yubiley  medalının  təsis  edilməsi ilə əlaqədar  “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə  sənədləri  ikinci  oxunuşa  təqdim etdi. Hər  iki  sənəd  ikinci  oxunuşda təsdiq  edildi.
 “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə  sənədi ikinci oxunuşa təqdim edən Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirdi ki,  nəzərdə  tutulan  dəyişikliklər ölkə Prezidentinin “İslam Əməkdaşlıq  Təşkilatına və  Qoşulmama  Hərəkatına üzv  dövlətlərin  vətəndaşlarına Azərbaycanda  ali təhsil almaq  üçün qrantların  verilməsi  haqqında” Sərəncamlarının icrası  məqsədi ilə hazırlanıb. Sənədin əhəmiyyəti bundan ibarətdir ki, ölkədə ali  təhsilin inkişaf  səviyyəsi  artırılsın. Ətraflı  müzakirələrdən sonra sənəd  səsə  qoyularaq ikinci oxunuşda qəbul  edildi.
Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərin “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması  haqqında” qanuna uyğunlaşdırma  xarakteri  daşıdığını  vurğuladı. Qanun  layihəsi  səsə  qoyularaq  ikinci  oxunuşda  təsdiqləndi.
Sonra Eldar İbrahimov “Tütün və tütün məmulatı haqqında” qanunda edilən  dəyişiklikləri  diqqətə  çatdırdı.  Sənəd ikinci  oxunuşda  təsdiq  edildi.
Mədəniyyət  komitəsinin sədr  müavini Jalə Əliyeva “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”  və “Teatr və teatr fəaliyyəti haqqında”  qanunlara edilən dəyişikliklər barədə məlumat verdi. O, bildirdi ki, bu  sənədlər  də  yuxarıdakı sənədlər kimi “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması  haqqında” qanuna uyğunlaşdırma  xarakteri  daşıyır. Nəzərdə  tutulan  dəyişikliklərin televiziya yayımlarında və teatr tamaşalarında tütün məmulatlarının, tütün istifadəsi  prosesinin və insan  sağlamlığına  zərər vuran  digər  məhsulların  reklamına  məhdudiyyətlərin  qoyulması ilə bağlı olduğu  vurğulandı. Hər  3  sənəd  ayrı-ayrılıqda səsə  qoyularaq ikinci  oxunuşda təsdiqləndi.

İqtisadi  siyasət, sənaye  və sahibkarlıq komitəsinin sədri Ziyad  Səmədzadə Vergi və Gömrük  məcəllələrində  edilən dəyişikliklərlə əlaqədar bildirdi ki, qanun layihəsi “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə”  qanunun icrası məqsədilə hazırlanıb.  Hər iki sənəd  ayrı-ayrılıqda  səsə  qoyularaq  ikinci oxunuşda  təsdiq  edildi.
Bununla  da  Milli Məclis bugünkü  işini  başa  çatdırdı.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi