30.10.2018 Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında

Layihə 

1-ci oxunuş

Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiyasının, 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Referendum Aktının, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan  Respublikası Konstitusiya Qanununun və "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar  q ə r a r a   a l ı r :

Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 107; 1999, № 5, maddə 284; 2000, № 6, maddə 380, № 12, maddələr 832, 834; 2003, № 2, maddə 77; 2004, № 5, maddə 314; 2006, № 1, maddə 3, № 5, maddə 396, № 12, maddə 1005; 2007, № 8, maddə 755, № 11, maddələr 1049, 1081; 2009, № 6, maddə 395; 2010, № 3, maddə 171; 2013, № 4, maddə 358; 2016, № 1, maddə 35)ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddənin beşinci hissəsinin birinci cümləsində "Azərbaycan Respublikasının Milli Məclisi" sözləri "Milli Məclis" sözləri ilə əvəz edilsin.

2. 1-1-ci maddə üzrə:

2.1. birinci-üçüncü hissələrdə "Azərbaycan Respublikasının Milli Məclisi" sözləri ismin müvafiq hallarında "Milli Məclis" sözləri ilə əvəz edilsin;

2.2. ikinci və üçüncü hissələrdə "Konstitusiya" sözündən əvvəl "Azərbaycan Respublikasının" sözləri əlavə edilsin.

3. 3-cü maddənin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:

"Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin IV hissəsinə uyğun olaraq Milli Məclisin 83 deputatının tələbi ilə və ya Azərbaycan Respublikası Prezidentinin təklifi ilə Milli Məclisin sessiyasının qapalı iclası keçirilə bilər.".

4. 4-cü maddənin üçüncü hissəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Milli Məclisin açıq iclaslarının protokolları və stenoqramları bu Daxili Nizamnamənin 53-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq rəsmi dərc edilir.".

5. 5-ci maddənin üçüncü və dördüncü hissələrindən və 12-ci maddənin birinci hissəsindən ", bir qayda olaraq," sözləri çıxarılsın.

6. 7-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

""Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 42.1-ci maddəsinə əsasən, müvafiq olaraq Milli Məclis və Azərbaycan Respublikasının Prezidenti qanun layihələrinin hazırlanmasının qarşılıqlı razılaşdırılmış illik planını tərtib edir. Milli Məclisin iclasları həmin illik plan əsasında növbəti sessiyanın ilk iclasında qəbul edilən qanunvericilik işləri planına uyğun olaraq keçirilir. Milli Məclisin qanunvericilik işləri planı qərarla təsdiq edilir və onun həyata keçirilməsinə Milli Məclis tərəfindən nəzarət edilir.".

7. 15-ci maddə üzrə:

7.1. birinci hissədə "Konstitusiyasına" sözündən sonra ", "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa" sözləri əlavə edilsin;

7.2. aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

"Aparıcı komitənin tapşırığı ilə Milli Məclisin Aparatı qanun və qərar layihələrinin dövri olaraq ictimai dinləmələrinin və ictimai müzakirələrinin keçirilməsini təşkil edir. İctimai dinləmə (müzakirə) komitə iclası ilə birlikdə keçirilə bilər. İctimai dinləmənin (müzakirənin) təşkili üçün Milli Məclisin Aparatı "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görür. İctimai dinləməyə (müzakirəyə) dəvət olunan şəxslər ictimai dinləmənin (müzakirənin) keçirilməsi tarixi barədə ən azı 5 gün, Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinin V hissəsinə əsasən təcili elan edilən qanun və ya qərar layihəsi ilə bağlı isə ən azı 3 gün qabaq xəbərdar olunurlar.";

7.3. dördüncü hissə aşağıdakı redaksiyada verilsin:

"Milli Məclisin Aparatı aparıcı komitənin tapşırığı ilə qanun və qərar layihələrinin məcburi hüquqi və linqvistik ekspertizalarını keçirir, habelə qanun layihəsinin qəbul edilməsi ilə əlaqədar ləğv edilməli, dəyişikliklər edilməli, habelə hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısını tərtib edir. Qanunun qəbul edilməsi ilə əlaqədar hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısı olmadan layihələrin hazırlanmasına yalnız bunun üçün bir ildən artıq müddət tələb edildikdə yol verilir. Bu halda komitə tərəfindən siyahının təqdim edilməsi müddətini müəyyən edən tapşırıq hazırlanır.";

7.4. aşağıdakı məzmunda səkkizinci-on üçüncü hissələr əlavə edilsin:

"Qanunvericilik təşəbbüsü hüququnun subyekti və ya onun səlahiyyətli nümayəndəsi Milli Məclisdə layihə üzərində aparılan işdə iştirak etmək hüququna malikdir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim edilmiş qanun layihəsi bütün maraqlı dövlət orqanları ilə razılaşdırılmış hesab olunur.

Qanun layihəsi Milli Məclisdə layihədə edilmiş dəyişikliklərlə birlikdə aşağıdakılarla razılaşdırılmalıdır (rəy alınmalıdır):

1. qanun layihəsini təqdim etmiş qanunvericilik təşəbbüsü hüququnun subyekti ilə;

2. dəyişikliklər edilməsi dövlət vəsaitlərinin ixtisar edilməsinə, xərclərin yaranmasına və ya artırılmasına səbəb ola bildikdə Azərbaycan Respublikasının Prezidenti ilə və ya onun tapşırığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə.

"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 46.2-ci maddəsində nəzərdə tutulanrazılaşdırılma (rəy) nəticəsində Milli Məclisə təqdim edilmiş dəyişikliklər qanun layihəsinin alındığı gündən on dörd gün keçənədək bu şərtlə həyata keçirilir ki, həmin qanun layihəsi üzrə məcburi hüquqi ekspertizanın keçirilməsi və qanun layihəsinə baxılmasının təcili elan edilməsi ayrı müddət tələb etməsin. Əlavə məlumatın alınması zərurəti olduqda, habelə xüsusilə mürəkkəb qanun layihələri üzrə rəyin hazırlanması və razılaşdırılmanın keçirilməsi (rəyin hazırlanması) üçün daha uzun müddət müəyyən edilə bilər.

Rəyə göndərilmədən və razılaşdırılmadan müvafiq qanun layihəsində dəyişikliklər (texniki xarakter daşıyan dəyişikliklər istisna olmaqla) edilməsinə yol verilmir.

Milli Məclisə təqdim olunmuş qanun layihəsində dəyişikliklər edilmədikdə qanun layihəsi qanunvericilik təşəbbüsü hüququnun subyekti ilə təkrar razılaşdırılmır.".

8. 16-cı maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"Azərbaycan Respublikasının Milli Məclisində dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi barədə, uyğunlaşdırma məqsədi ilə hazırlanmış, həmçinin ad və digər texniki xarakter daşıyan dəyişiklikləri (müddət, məbləğ, yaş senzi ilə bağlı, həmçinin subyektlərin hüquqi vəziyyətinə təsir edən, hüquq məsuliyyətini yaradan və ya aradan qaldıran, yüngülləşdirən və ya  ağırlaşdıran dəyişikliklər istisna olmaqla) nəzərdə tutan qanun layihələrinə bir oxunuşda, digər qanun layihələrinə, həmçinin Konstitusiya qanunu layihələrinə isə üç oxunuşda baxılır.

Qanunvericilik təşəbbüsü hüququndan istifadə edən subyekt Milli Məclisin müzakirəsinə təqdim etdiyi qanun layihəsini onun yekun oxunuşda baxılmasına qədər geri çağırmaq hüququna malikdir.

Milli Məclisdə birinci, ikinci və üçüncü oxunuşlarda baxılması üçün tam hazırlanmış qanun layihəsi müvafiq oxunuşda baxılmasına azı 5 gün qalmış  qanunvericilik təşəbbüsü hüququnun subyektinə təqdim edilir.".

9. 17-ci maddə üzrə:

9.1. dördüncü hissənin 2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

"2) əsaslar və səbəblər göstərilməklə layihə rədd edilsin;";

9.2. dördüncü hissənin 3-cü bəndi 5-ci bənd hesab edilsin və həmin hissəyə aşağıdakı məzmunda 3-cü və 4-cü bəndlər əlavə edilsin:

"3) layihənin qəbul edilməsi müəyyən müddətə təxirə salınsın;

4) irad və təkliflər göstərilməklə, layihə yenidən işlənilməsi üçün geri qaytarılsın;";

9.3. beşinci hissədə "dərc olunması və ümumxalq müzakirəsinə çıxarılması" sözləri "ictimai dinləməsinin (müzakirəsinin) keçirilməsi" sözləri ilə əvəz edilsin;

9.4. altıncı hissənin ikinci və üçüncü cümlələrinə "Konstitusiyasına" sözündən sonra "və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa" sözləri əlavə edilsin;

9.5. səkkizinci hissə ləğv edilsin;

9.6. səkkizinci hissənin birinci cümləsində "Ali Məhkəməsinin," sözlərindən sonra "Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının," sözləri əlavə edilsin, "verdikləri qanun və ya qərar layihələri təqdim olunmuş şəkildə müzakirəyə çıxarılmalı və səsə qoyulmalıdır" sözləri "verdiyi qanun və ya qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur" sözləri ilə əvəz edilsin, ikinci cümləsində "yalnız həmin orqanların" sözləri "qanunvericilik təşəbbüsü hüququndan istifadə edən subyektin" sözləri ilə əvəz edilsin;

9.7. doqquzuncu hissənin birinci cümləsində "1.5-ci" sözləri "1.8-ci" sözləri ilə, "və ya yenidən baxılmasına" sözləri ", ləğv edilməsinə və ya qanunlarda dəyişikliklər edilməsinə" sözləri ilə, "Azərbaycan Respublikasının Milli Məclisinə" sözləri "Milli Məclisə" sözləri ilə əvəz edilsin; 

9.8. doqquzuncu hissənin ikinci cümləsində "Azərbaycan Respublikasının Milli Məclisinə" sözləri "Milli Məclisə" sözləri ilə əvəz edilsin.

10. 18-ci maddə üzrə:

10.1. ikinci hissədən ", bir qayda olaraq," sözləri çıxarılsın;

10.2 dördüncü hissənin dördüncü cümləsində "hüquq" sözü "məcburi hüquqi ekspertizasının rəyi ilə" sözləri ilə, "büdcə ekspertizasının rəyi ilə" sözləri "bu Daxili Nizamnamənin 15-ci maddəsinin 10-cu hissəsinin 2-ci bəndinə uyğun olaraq müvafiq rəylə" əvəz edilsin.

11. 19-cu maddənin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:

"Milli Məclisin müzakirəsində üçüncü oxunuşda olan qanun layihəsi 63 səs çoxluğu ilə ikinci oxunuşa qaytarıla bilər.".

12. 21-1-ci maddə üzrə:

12.1. birinci hissədə (ikinci halda), üçüncü hissədə, dördüncü hissəsinin birinci cümləsində, beşinci və altıncı hissələrdə ismin müvafiq hallarında "Azərbaycan Respublikasının Milli Məclisi" sözləri ismin müvafiq hallarında "Milli Məclis" sözləri ilə əvəz edilsin;

12.2. ikinci hissə aşağıdakı redaksiyada verilsin:

"Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Hesablama Palatası (bundan sonra - Hesablama Palatası) fəaliyyəti barədə Milli Məclisə illik hesabat təqdim edir.";

12.3. dördüncü hissənin ikinci cümləsində "qanunvericilik aktlarına dəyişikliklər və əlavələr" sözləri "normativ hüquqi aktlarda dəyişikliklər" sözləri ilə əvəz edilsin.

13. 22-ci maddə üzrə:

13.1. ikinci hissə aşağıdakı redaksiyada verilsin:

"Milli Məclisin Sədri deputat haqqında təqdimatı əvvəlcə Milli Məclisin İntizam komissiyasına göndərir. İntizam komissiyası təqdimata baxaraq deputatın toxunulmazlığına xitam verilib-verilməməsi barədə rəy qəbul edir.";

13.2. üçüncü hissənin birinci cümləsindən ", bir qayda olaraq," sözləri çıxarılsın;

13.3. üçüncü hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə onun iştirakı olmadan baxıla bilər.". 

14. 23-cü maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 23. Milli Məclisin deputatlığından məhrumetmə ilə əlaqədar məsələyə Milli Məclisdə baxılması qaydası

Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin birinci bəndinin 4-cü, 6-cı və 7-ci yarımbəndlərində göstərilən əsaslar olduqda, Milli Məclisin Sədri həmin deputat haqqında məsələni Milli Məclisin İntizam komissiyasına (bundan sonra - İntizam komissiyası) göndərir. İntizam komissiyası bu məsələyə mandatından məhrum edilməsi nəzərdə tutulan deputatın iştirakı ilə iki həftə müddətində baxıb müvafiq rəy qəbul edərək Milli Məclisin Sədrinə təqdim edir. Pozuntu halları rəydə öz təsdiqini tapdıqda, Milli Məclisin Sədri İntizam komissiyasının həmin deputatın mandatdan məhrum edilməsi barədə rəyini Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına göndərir. 

Milli Məclisin deputatı Milli Məclisin iclasında mandatından imtina etdikdə və həmin imtina Milli Məclisin iclasının stenoqramına daxil edildikdə, deputat bu imtinasını geri götürə bilməz. Bu halda Milli Məclisin Sədri həmin deputatın mandatından imtina etdiyi iclasın stenoqramını və ya stenoqramdan çıxarışı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına göndərir.".

15. Aşağıdakı məzmunda 23-1-ci maddə əlavə edilsin:

"Maddə 23-1. Milli Məclis deputatının səlahiyyətlərini itirməsinin əsasları və bu məsələyə baxılması qaydası

Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin II hissəsinə əsasən Milli Məclisin deputatı öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və bu Daxili Nizamnamənin 47-ci maddəsinin beşinci hissəsində göstərilən halda deputatın səlahiyyətləri itirilir.

Milli Məclisin Sədri əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi və ya fəaliyyət qabiliyyətsizliyi səbəbindən səlahiyyətləri itirilən deputat barəsində tibbi-sosial ekspert komissiyasının rəyini və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarını Milli Məclisin növbəti iclasında müzakirəyə təqdim edir. İclasda iştirak edən deputatlar yalnız deputatın səlahiyyətlərinin itirilməsi üçün yetərli əsasların olub-olmamasını aydınlaşdıra bilər, deputatın səlahiyyətlərinin itirilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Öz səlahiyyətlərini daimi icra edə bilməyən Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.

Parlamentdaxili məsuliyyətə cəlb olunması ilə əlaqədar Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsinin əsasları və müvafiq qərarın qəbul edilməsi qaydası bu Daxili Nizamnamənin 47-ci maddəsinin beşinci hissəsi ilə müəyyən edilir.".

16. Aşağıdakı məzmunda 23-2-ci maddə əlavə edilsin:

"Maddə 23-2. Milli Məclisin buraxılması

Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinin I hissəsinə uyğun olaraq Milli Məclisin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, bu Daxili Nizamnamənin 20-ci maddəsinin birinci hissəsində müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə Azərbaycan Respublikası Konstitusiyasının 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisi buraxır.".

17. 24-cü maddə üzrə:

17.1. birinci hissəyə "məsələlər" sözündən sonra "Milli Məclisin iclasına sədrlik edənin müəyyən etdiyi qaydada" sözləri əlavə edilsin;

17.2. ikinci hissənin birinci cümləsindən ", bir qayda olaraq," sözləri çıxarılsın.

18. 31-ci maddə üzrə:

18.1. birinci hissənin dördüncü bəndi aşağıdakı redaksiyada verilsin:

"Milli Məclis Sədrinin müavinləri və Milli Məclis komitələrinin sədrləri ilə birlikdə qanun layihələrinin hazırlanmasına dair Milli Məclisin illik planını tərtib edir, qarşılıqlı razılaşdırılması üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edir və hər növbəti sessiyanın qanunvericilik işləri planını təsdiq edilməsi üçün Milli Məclisə təqdim edir;";

18.2. birinci hissənin altıncı bəndi aşağıdakı redaksiyada verilsin:

"qəbul edilmiş qanunların ikinci nüsxəsinin son səhifəsində viza qoyur və imzalanması üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;";

18.3. üçüncü hissə ləğv edilsin.

19. 38-ci maddənin ikinci hissəsinə "Məclisin" sözündən sonra "digər komitələrinin və" sözləri əlavə edilsin.

20. 41-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 41. İntizam komissiyası

Növbəti çağırış Milli Məclisin birinci iclasında və bundan sonra hər il Milli Məclisin yaz sessiyasının birinci iclasında İntizam komissiyası yaradılır. İntizam komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 9 üzvdən ibarət tərkibdə seçilir. Seçildikdən sonra İntizam komissiyası öz üzvləri sırasından komissiyanın sədrini, sədr müavinini və katibini seçir.

İntizam komissiyasının səlahiyyətlərinə aşağıdakılar aiddir:

1) "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş etik davranış qaydalarına riayət edilməsinə nəzarət etmək və bu məsələlərlə bağlı müraciətlərə baxmaq;

2) etik davranış qaydaları barədə deputatlara məlumat, rəy və tövsiyələr vermək, təlimlər keçirmək, bu qaydaların pozulmasının qarşısının alınması üçün tədbirlər görmək, görülən tədbirlərə dair mütəmadi ümumiləşdirmələr aparıb Milli Məclisin Sədrinə məlumat vermək;

3) bu Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin birinci-üçüncü bəndlərində göstərilən əsaslara görə Milli Məclisin, Milli Məclisin müvafiq komitəsinin və ya komissiyasının sədrinin təqdimatı əsasında araşdırma aparmaq və müvafiq əsaslar aşkar etdikdə parlamentdaxili məsuliyyətə cəlb olunan deputat barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul etmək;

4) bu Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin üçüncü bəndində göstərilən əsasa görə Milli Məclis Sədrinin təqdimatı əsasında araşdırma aparmaq və müvafiq əsaslar aşkar etdikdə parlamentdaxili məsuliyyətə cəlb olunan deputatın səlahiyyətlərinin itirilməsi barədə qəbul etdiyi rəyi Milli Məclisin müzakirəsinə təqdim etmək;

5) Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi haqqında Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına Milli Məclis Sədrinin göndərişi əsasında baxıb müvafiq rəy qəbul etmək və Milli Məclisin müzakirəsinə təqdim etmək;

6) Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin birinci bəndinin 4-cü, 6-cı və 7-ci yarımbəndlərində göstərilən hallar olduqda Milli Məclis Sədrinin təqdimatı əsasında araşdırma aparmaq və müvafiq əsaslar aşkar etdikdə Milli Məclis deputatının mandatından məhrum edilməsi haqqında qəbul etdiyi rəyi Milli Məclisin Sədrinə təqdim etmək;

7) bu Daxili Nizamnamədə nəzərdə tutulmuş başqa səlahiyyətləri həyata keçirmək.

Bu maddənin ikinci hissəsinin dördüncü-altıncı bəndlərində göstərilən məqsədlərlə keçirilən İntizam komissiyasının iclası onun azı 7 üzvü iştirak etdikdə səlahiyyətlidir, müvafiq rəy İntizam komissiyasının üzvlərinin 6 səs çoxluğu ilə verilir. Bu maddənin ikinci hissəsinin birinci-üçüncü bəndlərində göstərilən digər məqsədlərlə keçirilən İntizam komissiyasının iclası onun azı 5 üzvü iştirak etdikdə səlahiyyətlidir, müvafiq qərar İntizam komissiyasının üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.  İntizam komissiyasının üzvü İntizam komissiyasının qərarı ilə razı olmadıqda xüsusi rəyini protokola əlavə edə bilər və həmin rəylə Milli Məclisin iclasında çıxış edə bilər.

İntizam komissiyasının rəy verilməsi məqsədilə keçirilən iclaslarında hüquqşünas ekspertlərin köməyindən istifadə edilə bilər. Ekspert İntizam komissiyasında əməkhaqqı ödənilməklə və ya ictimai əsaslarla işləyə bilər. Əməkhaqqı ödənilməklə işləyən ekspertlərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.".

21. 44-cü maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 44. Hesablama Palatası

Hesablama Palatası Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsinə əsasən Milli Məclis tərəfindən yaradılan, Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən kənar dövlət maliyyə nəzarətini həyata keçirən ali audit orqanıdır.

Hesablama Palatasının üzvləri Hesablama Palatasının sədri, sədr müavini və 5 auditordan ibarətdir.

Hesablama Palatasının üzvləri dövlət idarəçiliyi, dövlət nəzarəti, hüquq, iqtisadiyyat və maliyyə sahələrində 5 ildən az olmayaraq iş təcrübəsinə malik olan ali təhsilli Azərbaycan Respublikasının vətəndaşları ola bilərlər.

Hesablama Palatasının üzvləri Milli Məclisin Sədrinin təqdimatı əsasında Milli Məclisin azı 63 deputatının səs çoxluğu ilə təyin edilirlər.

Hesablama Palatasının sədrliyinə və sədr müavinliyinə namizədlər Milli Məclis qarşısında çıxış edirlər. Deputatlar onlara suallar verə, təklif olunan namizəd barəsində öz fikirlərini bildirə, namizədin lehinə və ya əleyhinə çıxış edə bilərlər.

Hesablama Palatasının auditorları Milli Məclisə qısa məlumatla təqdim olunurlar. Hesablama Palatasının sədrinin, sədr müavininin və auditorlarının vəzifədən azad edilməsi barədə qərar Milli Məclisin azı 63 deputatının səs çoxluğu ilə qəbul edilir.

Hesablama Palatasının üzvləri Milli Məclisin dəvəti ilə Milli Məclisin və onun komitələrinin iclaslarında iştirak edirlər.".

22. 45-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"Milli Məclisin deputatı aşağıdakı hallarda parlamentdaxili məsuliyyətə cəlb olunur:

1) "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş etik davranış qaydalarını pozduqda;

2) "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda);

3) Milli Məclisin, yaxud onun komitə və komissiyalarının iclaslarında üzürsüz səbəbdən iştirak etmədikdə.

Milli Məclisin deputatı Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin birinci bəndində nəzərdə tutulmuş hallar üzrə parlamentdaxili məsuliyyətə cəlb oluna bilməz.".

23. 46-cı maddənin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:

"Bu Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsində göstərilən əsaslara görə Milli Məclisin deputatı barəsində aşağıdakı intizam tədbirlərindən biri tətbiq edilir:".

24. 47-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"Bu Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin birinci bəndində göstərilən əsasa görə, Milli Məclisin, yaxud onun komitə və ya komissiyasının iclasına sədrlik edən tərəfindən Milli Məclisin deputatı barəsində xəbərdarlıq, söz kəsmə və ya iclas salonundan çıxarma intizam tədbiri tətbiq edilir, yaxud töhmət intizam tədbirinin tətbiq edilməsi üçün İntizam komissiyasına təqdimatla müraciət edilir. İntizam komissiyası 2 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə deputat barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edir.

Bu Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin ikinci bəndində göstərilən əsasa görə, Milli Məclisin Sədri deputatın parlamentdaxili məsuliyyətə cəlb olunması üçün İntizam komissiyasına təqdimatla müraciət edir. İntizam komissiyası 2 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə deputat barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edir.

Bu Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin üçüncü bəndində göstərilən əsasa görə, Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında üzürsüz səbəbdən azı dalbadal dörd və ya bir ayda üst-üstə altı iclasda iştirak etməyən deputatın parlamentdaxili məsuliyyətə cəlb olunması üçün Milli Məclisin Sədri İntizam komissiyasına təqdimatla müraciət edir. İntizam komissiyası 1 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə deputat barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edir.

Parlamentdaxili məsuliyyətə cəlb olunan deputat barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında İntizam komissiyasının qərarları Milli Məclisin növbəti iclasında elan edilməlidir.

Bu Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin üçüncü bəndində göstərilən əsas olduqda, Milli Məclisin növbəti sessiyasının bütün iclaslarında və ya il ərzində Milli Məclisin 15 iclasında üzürsüz səbəbdən iştirak etməyən deputatın parlamentdaxili məsuliyyətə cəlb olunması üçün Milli Məclisin Sədri İntizam komissiyasına təqdimatla müraciət edir. İntizam komissiyası 2 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə deputat barəsində deputat səlahiyyətlərinin itirilməsi intizam tədbirinin tətbiq edilməsinin məqsədəuyğun olması barədə rəyi Milli Məclisin müzakirəsinə çıxarır. Milli Məclisin növbəti iclasında səlahiyyətlərinin itirilməsi nəzərdə tutulan deputatın iştirakı ilə bu məsələyə baxılır. Deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə onun iştirakı olmadan baxıla bilər. İclasda iştirak edən deputatlar yalnız deputat səlahiyyətlərinin itirilməsi üçün yetərli əsasların olub-olmamasını aydınlaşdıra bilər, İntizam komissiyasının üzvlərinə suallar verə bilər və deputat səlahiyyətlərinin itirilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Parlamentdaxili məsuliyyətə cəlb olunan Milli Məclis deputatının səlahiyyətlərini itirməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.".

25. 50-ci maddə ləğv edilsin.

26. 51-ci maddə üzrə:

26.1. adında "Nizamnaməsinə riayət olunmasına" sözləri "Nizamnaməsinin icrasına" sözü ilə əvəz edilsin;

26.2. mətni aşağıdakı redaksiyada verilsin:

"Milli Məclisin Daxili Nizamnaməsinin icrasına nəzarət Milli Məclisin rəhbərliyi tərəfindən həyata keçirilir.".

27. 53-cü maddə üzrə:

27.1. aşağıdakı məzmunda ikinci və üçüncü hissələr əlavə edilsin:

"Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 6-20-ci bəndlərində göstərilən məsələlər üzrə Milli Məclisin açıq iclaslarında qəbul etdiyi qərarlar üç gün müddətində "Azərbaycan" qəzetində  dərc edilir.

Milli Məclisin qərarları  Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək məqsədi ilə qəbul edildiyi gündən üç gün keçənədək müvafiq icra hakimiyyəti orqanına müşayiət məktubu olmadan göndərilir.";

27.2. dördüncü hissədə "Məclisin" sözündən sonra "açıq" sözü əlavə edilsin.




Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi